Uşaq və yeniyetmə psixoloqu Murad Akifsoy ilə cəmiyyətdə uşaq tərbiyəsi ilə bağlı geniş yayılmış fikirləri müzakirə etdik. Qonağımız cavablarında valideynlərin bəzən işlətdiyi ağır sözlər və uşaqlara qarşı təhqirlər, həmçinin disiplin anlayışının yanlış yozulması və uşaqların onlarla mübahisə etməsinə qarşı dözümsüzlükləri mövzularına xüsusi diqqət ayırdı.
Artan dünya əhalisinin qida ehtiyaclarının qarşılanması, kənd təsərrüfatına yararlı torpaqların azalması və iqlim dəyişikliyinin yaratdığı çətinliklər qida sənayesində köklü dəyişiklikləri zəruri edir. Molekulyar bioloq Nərmin Axundova bildirir ki, bu dəyişikliklər birdən-birə baş verəcək inqilab deyil, artıq müşahidə olunan davamlı bir prosesdir. Süni ət, GMO məhsulları və qidaların zənginləşdirilməsi kimi yeni yanaşmaların istehlakçılar tərəfindən birmənalı qarşılanmadığını qeyd edən spiker vurğulayır ki, bəşəriyyət yalnız bu innovasiyaları qəbul etməklə gələcəkdə davamlı, təhlükəsiz və etik qida təminatını əldə edə biləcək.
“Dynamic Box Studio” şirkətinin həmtəsisçisi Şahin Əliyev oyunlaşdırma anlayışından və onun həm iş, həm də təhsil mühitində səmərəliliyi artırmaq potensialından danışıb. Qonağımız 1913-cü ildə Henri Fordun konveyer xəttini tətbiq etməklə istehsalata inqilab gətirməsinə baxmayaraq, bu prosesin işçilərdə motivasiya itkisinə səbəb olduğunu vurğulayır və əlavə edir ki, oyunlaşdırma yanaşması həm əməkdaşların, həm də tələbələrin motivasiyasını yüksək saxlamaq və daha yaxşı nəticələr əldə etmək üçün səmərəli vasitədir.
Ali təhsil üzrə tədqiqatçı Abbas Abbasov bildirir ki, bu gün təhsil sistemləri süni zəkanın yaratdığı dəyişikliklərə cavab olaraq özünü yenidən kəşf etməyə məcburdur. Qonağımız vurğulayır ki, süni zəkanın əlçatan olması ilə daha da dərinləşən böhranın əsas səbəblərindən biri təhsilin məntiqi və linqvistik bacarıqları ölçən standartlaşdırılmış imtahanlardan asılı olmasıdır. Spikerin sözlərinə görə, insan zəkası yalnız bu bacarıqlardan ibarət deyil və təhsil bütün zəka formalarını inkişaf etdirəcək şəkildə qurulmalıdır.
Xaricdə təhsil mütəxəssisi Günay Məsimova valideynlərin övladlarını məktəbdən uzaqlaşdıraraq diqqəti yalnız xarici universitetlərə qəbul üçün tələb olunan test hazırlığına yönəltməsinə diqqət çəkir. Qonağımız bildirir ki, bu testlər qəbul üçün vacib olsa da, məktəb fənlərinin və fundamental biliklərin arxa plana atılması gələcəkdə tələbələr üçün ciddi çətinliklər yaradır. Bununla yanaşı, qonağımız azərbaycanlı gənclərin xaricdə təhsil alarkən müstəqil həyata yetərincə hazır olmamalarının da əlavə problemlərə səbəb olduğunu vurğulayır.
Endorphin reklam agentliyinin rəhbəri Orxan Kərim hesab edir ki, reklam kommunikasiyanın aparıcı aləti olmaqla yanaşı, cəmiyyətdə əhəmiyyətli dəyişikliklər yarada biləcək güclü bir vasitədir. Onun fikrincə, müasir brendlər yalnız satışa yönəlik kampaniyalara deyil, sosial təsir gücünə malik təşəbbüslərə də üstünlük verməlidirlər. Qonağımız əlavə edir ki, empatiya və strateji baxışa əsaslanan məqsədyönlü marketinq cəmiyyətdə uzunmüddətli dəyişikliklərə səbəb ola bilər.
Jest dili üzrə təlimçi Nuranə Abıyeva ilə bu ünsiyyət formasının cəmiyyətdə tutduğu əhəmiyyətli roldan danışdıq. Çıxışında o, jest dili ilə bağlı geniş yayılmış yanlış təsəvvürləri qeyd edərək vurğuladı ki, bu dil yalnız eşitmə və danışma məhdudiyyəti olan şəxslər və onların yaxınları üçün deyil, bütövlükdə cəmiyyət üçün önəmli ünsiyyət vasitəsidir. Qonağımız həmçinin qeyd edir ki, jest dili təkcə kommunikasiya vasitəsi deyil, həm də mədəniyyət və kimlik daşıyıcısıdır. Məhz bu səbəbdən, onun öyrənilməsi cəmiyyətin daha anlayışlı və bərabərhüquqlu gələcəyinə atılan vacib addımdır.
Azərbaycan balının zənginliyini vurğulayan arıçı Elvin Bayramlı bizimlə söhbətində qeyd edib ki, ölkə balının ixrac potensialı yüksək olsa da, bunun reallaşdırılması üçün fermerlər, şirkətlər və dövlət qurumları birgə çalışmalıdır. Qonağımız prosedurların sadələşdirilməsinə, arıçılarla dövlət qurumları arasında daha səmərəli əməkdaşlığa və baytarlıq xidmətlərinin təkmilləşdirilməsinə çağırış edir. O, əlavə edir ki, arıların qorunması qida təhlükəsizliyi və ekoloji balansın təmin olunması üçün həyati əhəmiyyət daşıyır.
“Planda Bayırşəhər” sənədli filmini Bakıda tarixi məhəllələrin ardıcıl şəkildə sökülməsinə cavab olaraq çəkdiyini bildirən Elməddin Süleymanov, əvvəlki təcrübələri nəzərə alaraq bu prosesi sənədləşdirməyi öz borcu kimi qəbul etdiyini deyir. Rejissor əlavə edir ki, bu ərazilərin itirilməsi təkcə memarlıq irsinin deyil, həm də Bakı şəhərinin ruhunun və məhəllə həyatının itirilməsi deməkdir. O, həmçinin əvvəlki söküntülərin insanları doğma məhəllələrindən uzaqlaşdıraraq sosial bağları qırdığını və gündəlik həyatı sarsıtdığını da vurğulayır.
Hazırda dünyada 500 milyondan çox insan şəkərli diabetdən əziyyət çəkir və bu rəqəmin gələcək illərdə daha da artacağı proqnozlaşdırılır. Endokrinoloq Fidan Qulu ilə bu xəstəliyin əlamətləri, xüsusiyyətləri və onunla mübarizədə atılmalı olan addımlar haqqında danışdıq. Qonağımız şəkərli diabetin xroniki xəstəlik olduğunu və səssiz şəkildə ürək, böyrək, göz və damar sisteminə zərər verərək infarkt, insult, korluq və ya böyrək çatışmazlığına səbəb ola biləcəyini vurğulayıb.
Boşanmaların əksəriyyətinin tanışlıq mərhələsində buraxılan səhvlərdən qaynaqlandığını vurğulayan münasibət və boşanma üzrə kouç Kama Əhməd, bizimlə söhbətində terapist Deyvid Stil tərəfindən hazırlanmış “şüurlu tanışlıq” anlayışından danışdı. Qonağımızın sözlərinə görə, şüurlu tanışlığın əsas prinsiplərindən biri özünü tanımaqdır. İnsan öz dəyərlərini, ehtiyaclarını, həyata baxışını və münasibətdən gözləntilərini dəqiq bilmədən sağlam münasibət qura bilməz.
Yeni müsahibəmizdə hüquqşünas Günel Əliyeva Azərbaycanda boşanmanın uşaqların hüquqları və emosional rifahı üzərində yaratdığı ciddi təsirlərdən danışır. Qonağımız vurğulayır ki, emosional gərginliyin yüksək olduğu boşanma prosesi zamanı tez-tez uşaqların sevgi, qayğı və hər iki valideynlə sağlam mühitdə yaşamaq kimi əsas hüquqları pozulur. Bəzi hallarda isə uşaqlardan alət kimi istifadə olunur və ya onlar emosional manipulyasiyaya məruz qalırlar.
Yeni müsahibəmizdə televiziya və radio aparıcısı Fateh gələn il 100 yaşı tamam olacaq Azərbaycan radiosunun bir əsrlik inkişaf yoluna, eləcə də rəqəmsal dövrdə radionun üzləşdiyi reallıqlara nəzər salır. Fateh çıxışında radionun Sovet dövründə totalitar təbliğat vasitəsi kimi istifadə olunmasından, müstəqillikdən sonra isə özəl radioların meydana gəlməsi ilə radionun xalqa yaxın üslublar gətirməsindən, eyni zamanda radionun Azərbaycan mədəniyyətinə və dilinə verdiyi töhfələrdən danışır. Qonağımız deyir ki, radio müasir alətlərə uyğunlaşmaq məcburiyyətindədir.
14 yaşında qadınlar arasında beynəlxalq qrosmeyster adına layiq görülmüş Günay Məmmədzadə qadınlar arasında şahmat üzrə üçqat Azərbaycan çempionudur. O, yeniyetmələr arasında ikiqat dünya və Avropa çempionu olub. Hazırda Azərbaycanın ən yüksək reytinqli qadın şahmatçısıdır. Yeni müsahibəmizdə Günay Məmmədzadə ilə şahmat haqqında söhbət etmişik. Qonağımız vurğulayır ki, Azərbaycanda şahmata maraq artsa da, inkişaf üçün təkcə həvəs kifayət etmir. O, dövlət və özəl sektoru tərəfindən gənc istedadlara dəstək göstərilməsinin vacibliyini qeyd edir.
Təhsil mütəxəssisi Aynurə Abdullayeva ilə müsahibəmizdə mədəniyyət, ənənə və qlobal trendlərin təhsilə inteqrasiyası haqqında danışdıq. Qonağımız vurğulayır ki, yerli ənənələr və mədəni dəyərlər düşünülmüş şəkildə tətbiq olunduqda, şagirdlərin yazı, nitq və tənqidi təfəkkür bacarıqları da daxil olmaqla, ümumi idrak inkişafına əhəmiyyətli dərəcədə müsbət təsir göstərə bilər. Lakin spikerimiz xəbərdarlıq edir ki, ənənə müasir təhsilin məqsədlərinə mane olmamalıdır.
Yeni müsahibəmizdə jurnalist Pəri Abbaslı müasir jurnalistika və rəqəmsal mediada vertikal videoların artan təsirindən danışır. Sosial media platformalarının ənənəvi horizontal formatlardan vertikal formatlara keçidi sürətləndirdiyini qeyd edən qonağımız əlavə edir ki, bu formatdan istifadə getdikcə daha da artacaq. Pəri Abbaslı bildirir ki, vertikal videolar vətəndaş jurnalistikasını gücləndirir, lakin xəbərlərin bu şəkildə demokratikləşməsi müəyyən risklər də yaradır.
Hüquqşünas Mehri Rzayeva iş yerlərində cinsi ayrı-seçkilik və seksual qısnamaya dair problemlərə toxunur və qadınların bu halları sübut etməkdə qarşılaşdıqları çətinlikləri vurğulayır. Qonağımız izah edir ki, diskriminasiya daha çox işə qəbul, vəzifəyə yüksəlmə və əmək haqqı ilə bağlı danışıqlar zamanı baş verir. Mehri Rzayeva bildirir ki, Azərbaycanın əmək qanunvericiliyində bu məsələlərlə effektiv mübarizə aparmaq üçün aydın daxili qaydalar və icra mexanizmləri yoxdur.
Yeni müsahibəmizdə tarixçi Müşfiq Əkbər Bakının unudulmuş Sabunçu kəndinin zəngin, lakin diqqətdən kənarda qalmış tarixi və mədəni potensialı haqqında danışır. Qonağımız Sabunçu xəstəxanasını, Nobel qardaşlarının işçi şəhərciyini, elektrik stansiyasını və buradakı multikultural yaşayış tərzini xüsusi vurğulayır. Müşfiq Əkbər bildirir ki, Sabunçu bərpa olunsa, bu məkan Azərbaycanın sənaye, mədəni və multikultural tarixi üçün nadir bir turizm istiqamətinə çevrilə bilər.
Azərbaycan Biznes Keys Müsabiqəsinin məzunu və təlimçisi Səkinə Qaragöz bu yarışma ilə bağlı təcrübəsini və onun peşəkar inkişafına necə təsir etdiyini bölüşür. Qonağımız qeyd edir ki, bu müsabiqə tələbələrə real biznes problemlərini müəyyənləşdirməyi, məhdud resurslarla strateji həll yolları tapmağı, eləcə də strateji düşünmə, ünsiyyət və əməkdaşlıq kimi əsas bacarıqları inkişaf etdirməyi öyrədir. Səkinə Qaragöz əlavə edir ki, bu müsabiqə tələbələrə nəzəriyyədən daha çox praktiki təcrübə qazandırır.
Natiqlik üzrə kouç Coşqun Kərimov öz çıxışında Süni Zəkanın ünsiyyət və insan inkişafındakı rolunun necə dəyişdiyini təhlil edir. O, Süni Zəkanın ictimai çıxış üçün vacib hesab etdiyi dörd “əzələyə” – vaxtın idarə olunması, məzmunun formalaşdırılması, vizual ünsiyyət və enerjinin idarə olunmasına – necə təsir etdiyini izah edir. Qonağımız vurğulayır ki, Süni Zəka qlobal biliklərə çıxış, vizualların hazırlanması və təqdimat mühitlərinin simulyasiyası baxımından əvəzsiz bir vasitə olsa da, enerjinin ötürülməsi və emosional təsir hələ də yalnız insana məxsus bacarıqlardır.