DiscoverƏkinçi
Əkinçi
Claim Ownership

Əkinçi

Author: akinchi

Subscribed: 315Played: 7,953
Share

Description

Müzakirəsinə ehtiyac olan, amma kifayət qədər müzakirə edilməyən mövzular.
763 Episodes
Reverse
Milliyyət Araşdırmalar Mərkəzinin direktoru İsmayıl Zeynallı ilə millətçilik haqqında yayılmış təsəvvürlər mövzusunda danışdıq. Qonağımız qeyd edir ki, 20-ci əsrdə millətçilik zəminində baş vermiş müharibələr nümunə kimi göstərildikdə, həmin müharibələrin digər mühüm amilləri olan siyasi manipulyasiya, revanşizm və təbii resurslar uğrunda mübarizə əksər hallarda diqqətdən kənarda qalır. Eyni zamanda, Zeynallı vurğulayır ki, son əsrdə millətçiliyin demokratik inkişafa, sosial rifahın güclənməsinə və kollektiv məsuliyyət hissinin formalaşmasına töhfə verdiyini göstərən müsbət nümunələr də az deyil.
Məhəmmədəli İbrahimli Təqaüd Proqramı azərbaycanlı gənclər üçün xaricdə təhsil imkanlarının azlığı səbəbindən yaranmış boşluğu qismən doldurmağı hədəfləyir. Proqram şəhid Məhəmmədəli İbrahimlinin dostları tərəfindən həm onun xatirəsini yaşatmaq, həm də Azərbaycanın inkişafına töhfə vermək məqsədilə təsis edilib. Proqramın nümayəndəsi Ziya Kazımzadə qeyd edir ki, niyyətləri yalnız bu təqaüdü böyütmək deyil, ümumilikdə ölkədə daha çox təqaüd təşəbbüsünün yaranmasına və gənclərin təhsil imkanlarının genişlənməsinə töhfə verməkdir.
Təhsil psixoloqu və Bakı Dövlət Univetsitetinin dosenti Elmina Kazımzadə deyir ki, öyrənmənin keyfiyyəti bir qrup şagirdin müvəffəqiyyəti ilə deyil, məktəbdə hər kəsin faydalanacağı emosional və sosial iqlimdən asılıdır. Qonağımız vurğulayır ki, məktəb iqlimi gündəlik münasibətlərdə, ünsiyyət tərzində və liderliyin yaratdığı atmosferdə özünü göstərir. O əlavə edir ki, bu cür mühitin formalaşmasında və davamlı olmasında mühüm rol oynayan sosial-emosional bacarıqların inkişaf etdirilməsi bütün məktəb icmasının və müəllim hazırlığının ayrılmaz hissəsi olmalıdır.
Pedaqoq, uşaq inkişaf mütəxəssisi Nilufər Mehdiyeva deyir ki, valideynlər tez-tez uşağın çox yeməsini sağlamlıq göstəricisi kimi qəbul edirlər, halbuki vacib olan qidanın keyfiyyəti və düzgün qidalanma vərdişləridir; bunlar isə çox vaxt arxa planda qalır. Spikerin sözlərinə görə, valideynlər fast food, qazlı içkilər və paketlənmiş məhsulların uşağın inkişafına mənfi təsirini bilsələr də, əməldə övladlarını bu cür qidalanma vərdişlərindən uzaq saxlamaqda çətinlik çəkirlər. Qonağımız vurğulayır ki, ekranlardan uzaq süfrə mədəniyyəti yaratmaq çox önəmlidir.
Araşdırmalar göstərir ki, emosiyalarımıza toxunan və təşviş yaradan məzmunlar faktlara əsaslanan məlumatlardan dəfələrlə daha tez paylaşılır. Jurnalist və media tədqiqatçısı Pəri Abbaslı deyir ki, nəticədə alqoritmlər həqiqətə əsaslanan məzmuna deyil, insanların həssas hisslərinə toxunaraq onları reaksiya verməyə təhrik edən paylaşımlara üstünlük verir. Qonağımız vurğulayır ki, təkrar olunan yalan zamanla “həqiqət” təsiri yarada bilər, təsdiq qərəzi isə bizi sual vermədən inanmağa sövq edir.
Reklamda əlçatanlıq mövzusunun diqqətdən kənarda qaldığını deyən Əliyar Hüseynov vurğulayır ki, görmə və eşitmə məhdudiyyətli insanlar üçün məzmuna bərabər çıxış sosial inklüzivlik, informasiya hüququ və məsuliyyətli brend davranışının ayrılmaz hissəsidir. Subtitrlər, səs təsviri, işarə dili, oxunaqlı dizayn və inklüziv qablaşdırma kimi yanaşmalar brendlərə etimadı gücləndirməyə və beynəlxalq standartlara uyğunlaşmağa imkan verir. Qonağımız əlavə edir ki, ölkədə əlçatan reklamın tətbiqi üçün təşviq mexanizmləri, texniki imkanlar və məlumatlılıq azdır.
Turizm və hotel idarəçiliyi üzrə mütəxəssis Vəfa Kərəmova bildirir ki, turizm Azərbaycanda məşğulluğu dəstəkləyən və regionların inkişafına birbaşa təsir göstərən mühüm sahəyə çevrilə bilər. Lakin o əlavə edir ki, sahənin rəqabət qabiliyyəti xidmət keyfiyyəti, innovasiya və planlı kadr inkişafından asılıdır. Qonağımız vurğulayır ki, yerli mütəxəssislərin rolunun artmasına baxmayaraq, gələcək inkişaf üçün sistemli təlimlərə, yenidən ixtisaslaşmaya və insan kapitalına investisiyaya ehtiyac qalır. Bu səbəbdən milli xidmət standartlarının və koordinasiyalı təlimlərin gücləndirilməsi Azərbaycanın turizm sahəsinin ehtiyac duyulan səviyyədə olması üçün olduqca önəmlidir.
Səhiyyə menecmenti üzrə doktorant və Universal Hospitalın direktoru Fəqan Həsənzadə bildirir ki, güclü səhiyyə yalnız peşəkar həkimlərlə deyil, düzgün qərar verən və məsuliyyət daşıyan idarəetmə ilə qurulur. Qonağımız vurğulayır ki, müasir dövrdə data təhlili, planlama və kompleks idarəetmə yanaşmaları səhiyyə idarəçiliyinin ayrılmaz hissəsinə çevrildikcə, səhiyyə menecerlərinin maliyyə, statistika və etik yanaşmanı birləşdirən çoxşaxəli biliklərə malik olması zəruri olur. Bu çıxış gələcəyin səhiyyə sistemini formalaşdıracaq görünməyən liderlərin roluna diqqət çəkməyə dəvət edir.
Memar Murad Mir-Zadə deyir ki, tarixi irsin qorunması ilə müasir inkişaf bir-birinə zidd deyil, əksinə, şəhərin gələcəyini formalaşdıran paralel proseslərdir. Qonağımız çıxışında Paris, Venesiya, İstanbul, Kopenhagen, Dubay və Bakı nümunələri üzərindən həm nəzarətsiz modernləşmənin, həm də şəhərlərin “yaşayan muzeyə” çevrilməsinin risklərini ortaya qoyur. Bu müsahibə sizi şəhərlərin öz kimliyini və davamlılığını itirmədən keçmişlə gələcək arasında necə körpü qura biləcəyinə dair düşünməyə vadar edəcək.
Sosial şəbəkələrin ictimai müzakirələrin aparıcı məkanına çevrilməsinin gender normalarına necə təsir etdiyindən danışan gender və media üzrə araşdırmaçı Vəfa Əli vurğulayır ki, medianı cəmiyyətin sadəcə güzgüsü kimi təqdim etmək onun gender təsəvvürlərini müəyyənləşdirmək gücünü görməzdən gəlmək deməkdir. Qonağımız qeyd edir ki, rəqəmsal platformalar sayəsində yaranan #MeToo kimi hərəkatlar görünürlüyü artırsa da, alqoritmlər və ənənəvi narrativlər hələ də dominant baxışları gücləndirir, alternativ səsləri isə məhdudlaşdırır.
Ritual Teatr və Yaradıcılıq Laboratoriyasının təsisçisi və rejissor Aynur Zərrintac interaktiv medianın müasir teatrı necə transformasiya etdiyini öz təcrübələri əsasında izah edir. Qonağımız qeyd edir ki, texnologiyanın teatra cəlb edilməsi tamaşaçının passiv izləyicidən prosesin bir hissəsinə çevrilməsi üçün geniş imkanlar yaradır. Bununla yanaşı, Zərrintac əldə edilən yeni imkanlarla bərabər etik dilemmaların fərqində olmağı, eləcə də sənət və tamaşaçı qarşısında məsuliyyəti unutmamağı olduqca vacib hesab edir.
Jalə Ələkbərova çıxışında gənclərə xaricdə təhsilə status və ya qaçış yolu kimi baxmağı dayandırmağı tövsiyə edir. Qonağımız vurğulayır ki, bu qərar emosiyalar və sosial medianın təsiri ilə deyil, rasional və strateji düşüncə əsasında verilməlidir. Uzun illər gənclərlə çalışaraq əldə etdiyi müşahidələrə əsaslanan Ələkbərova bildirir ki, bir çox gənc xaricdə təhsil almaq istəyir, lakin bu istəyin səbəblərini və onun uzunmüddətli məqsədlərlə necə əlaqələndiyini aydın şəkildə müəyyənləşdirmir.
Ramil Əhməd ədəbiyyatın nə olduğu barədə təsəvvürlərimizin onun necə tədris olunmasına birbaşa təsir etməsindən danışır. Qonağumuz bildirir ki, xüsusilə məktəb proqramlarında hakim olan dar yanaşmalar şagirdlərin təxəyyülünü və tənqidi düşünmə qabiliyyətini məhdudlaşdırır. Ramil Əhməd həmçinin vurğulayır ki, ədəbiyyat bu gün tez-tez cansıxıcı və aktuallığını itirmiş bir fənn kimi qəbul olunur. Məhz buna görə də o, ədəbiyyat tədrisinin daha canlı, açıq və dinamik bir prosesə çevrilməsini təklif edir.
Süni intellekt son bir neçə ildə müxtəlif istiqamətlərdə gündəlik fəaliyyətin ayrılmaz hissəsinə çevrilib. Yaradıcı sahələrdə bu alətlərin tətbiqi prosesin məntiqli davamı kimi görünsə də, onlara qarşı müqavimət hələ də kifayət qədər güclüdür. Kinotənqidçi Hacı Səfərovla müsahibədə süni intellektin yaradıcı sənayenin lokomotivi sayılan kinoya təsiri, eləcə də doğurduğu yaradıcı və etik suallar barədə söhbət etdik. Qonağımız bildirir ki, bu mövzuya birmənalı müsbət və ya mənfi yanaşmaq doğru deyil, əsas məsələ süni intellekt alətlərindən məsuliyyətli şəkildə istifadə etməkdir.
ADA Universitetinin dosenti Anar Vəliyev çıxışında qlobal miqyasda universitetlər arasında reytinq rəqabətinin necə yanlış istiqamət aldığını izah edir. Qonağımızın sözlərinə görə, reytinqləri yüksəltmək cəhdi bir çox ali məktəbdə elmi keyfiyyətdən çox, elmi məqalə sayının artırılmasına fokuslanmağa səbəb olub. Bu boşluğu fürsətə çevirən şirkətlər isə bu məqalələrin standartlardan kənar şəkildə, sürətli və kütləvi nəşrini təklif etməyə başlayıblar. Nəticədə elmi dəyəri zəif olan, aşağı keyfiyyətli elmi məqalələrin sayı sürətlə artıb.
Radboud Universiteti (Niderland) araşdırmaçısı Rəşad Şirin hesab edir ki, ABŞ-Avropa münasibətlərində mövcud gərginliklərin əsas səbəbi NATO-nun rolunda yaranmış böhrandır.  Qonağımızın sözlərinə görə, Sovet İttifaqı dağıldıqdan sonra NATO-nun mövcudluq məqsədi ilə bağlı suallar, o cümlədən üzv ölkələrin müdafiə xərclərindəki fərqlər uzun illərdir mübahisə mövzusu olub. Xarici siyasətdə təcridçiliyə meylli olan hazırkı ABŞ administrasiyasının hakimiyyəti dövründə isə bu fikir ayrılıqları daha da kəskinləşib.
Yeni videomuzda media mütəxəssisi Lalə Kişiyeva sosial medianın kiçik bizneslər üçün necə dönüş nöqtəsinə çevrildiyini izah edir. Onun fikrincə, sosial media böyük büdcələr olmadan bazara daxil olmağa və müştərilərlə birbaşa ünsiyyət qurmağa imkan verir. Bu, yalnız satış deyil, uzunmüddətli münasibət qurmaq deməkdir.  Qonağımız vurğulayır ki, uğurlu sosial media strategiyası auditoriyanı tanımaqdan başlayır: kimin üçün danışırıq, onların ehtiyac və dəyərləri nədir. Bu məlumatlar əsasında vizual üslub və mesajlar davamlı olmalıdır ki, brend tanına bilsin. 
Bizim söhbət zamanı Dr. Gülşah Ünsal Jafarov deyir ki, çoxları hələ də tibb bacılarını və tibb qardaşlarını yalnız iynə vuran, qan götürən, göstəriciləri ölçən və ya cərraha alət ötürən köməkçi kimi təsəvvür edir. Halbuki tibb bacılığı dərin nəzəri bilik, elmi yanaşma, klinik düşüncə və yüksək peşəkarlıq tələb edən mürəkkəb bir sahədir. Qonağımız vurğulayır ki, bu peşəyə təkcə təcrübə ilə yiyələnmək mümkün deyil; onun əsasında akademik hazırlıq və elmi bilik dayanır. Elə buna görə də müxtəlif ölkələrdə olduğu kimi, Azərbaycanda da bu ixtisas artıq universitet səviyyəsində tədris olunur.
Britaniya universitetlərinin məzunları tərəfindən həyata keçirilən “Təhsil üçün əl-ələ” təşəbbüsü artıq 9 ildir ki, ucqar məktəblərə səfər edərək şagirdlərə gələcək ixtisas və peşə seçimində yardım etməyə çalışır. “Təhsil üçün əl-ələ” könüllüləri Elm və Təhsil Nazirliyinin və Britaniya səfirliyinin dəstəyi ilə 46 rayon üzrə 60-dan çox məktəbə baş çəkib, ümumilikdə 3,000-dən çox şagirdlə görüşüblər. Bu təşəbbüsün missiyası, nailiyyətləri və gələcək planları haqqında daha ətraflı məlumatı təşəbbüsün koordinatoru Şəbnəm Məmmədli ilə çəkilişimizi izləyərək əldə edə bilərsiniz.
Azərbaycan Milli İncəsənət Muzeyinin direktoru Şirin Məlikova ilə muzeylərin mədəni yaddaşın qorunması və kimliyin formalaşmasında oynadığı rol haqda danışdıq. Muzeylərin sadəcə eksponatların sərgiləndiyi məkan olmadığını deyən müsahib əlavə edir ki, mədəni irsin toplanması, qorunması, bərpa edilməsi, araşdırılması və gələcək nəsillərə çatdırılması muzeylərin gördüyü işlərə daxildir. Şirin Məlikovanın fikrincə, son illərdə Azərbaycanda muzeyləri ziyarət edənlərin sayının artması və bu ziyarətçilər arasında gənclərin payının yüksəlməsi ölkənin gələcəyi üçün ümidverici bir göstəricidir.
loading
Comments