Discover
Əkinçi
745 Episodes
Reverse
Bizim söhbət zamanı Dr. Gülşah Ünsal Jafarov deyir ki, çoxları hələ də tibb bacılarını və tibb qardaşlarını yalnız iynə vuran, qan götürən, göstəriciləri ölçən və ya cərraha alət ötürən köməkçi kimi təsəvvür edir. Halbuki tibb bacılığı dərin nəzəri bilik, elmi yanaşma, klinik düşüncə və yüksək peşəkarlıq tələb edən mürəkkəb bir sahədir.
Qonağımız vurğulayır ki, bu peşəyə təkcə təcrübə ilə yiyələnmək mümkün deyil; onun əsasında akademik hazırlıq və elmi bilik dayanır. Elə buna görə də müxtəlif ölkələrdə olduğu kimi, Azərbaycanda da bu ixtisas artıq universitet səviyyəsində tədris olunur.
Britaniya universitetlərinin məzunları tərəfindən həyata keçirilən “Təhsil üçün əl-ələ” təşəbbüsü artıq 9 ildir ki, ucqar məktəblərə səfər edərək şagirdlərə gələcək ixtisas və peşə seçimində yardım etməyə çalışır.
“Təhsil üçün əl-ələ” könüllüləri Elm və Təhsil Nazirliyinin və Britaniya səfirliyinin dəstəyi ilə 46 rayon üzrə 60-dan çox məktəbə baş çəkib, ümumilikdə 3,000-dən çox şagirdlə görüşüblər.
Bu təşəbbüsün missiyası, nailiyyətləri və gələcək planları haqqında daha ətraflı məlumatı təşəbbüsün koordinatoru Şəbnəm Məmmədli ilə çəkilişimizi izləyərək əldə edə bilərsiniz.
Azərbaycan Milli İncəsənət Muzeyinin direktoru Şirin Məlikova ilə muzeylərin mədəni yaddaşın qorunması və kimliyin formalaşmasında oynadığı rol haqda danışdıq.
Muzeylərin sadəcə eksponatların sərgiləndiyi məkan olmadığını deyən müsahib əlavə edir ki, mədəni irsin toplanması, qorunması, bərpa edilməsi, araşdırılması və gələcək nəsillərə çatdırılması muzeylərin gördüyü işlərə daxildir.
Şirin Məlikovanın fikrincə, son illərdə Azərbaycanda muzeyləri ziyarət edənlərin sayının artması və bu ziyarətçilər arasında gənclərin payının yüksəlməsi ölkənin gələcəyi üçün ümidverici bir göstəricidir.
Yeni videomuzda sosial elmlər üzrə tədqiqatçı və tarixçi Murad Quliyev “diaspora” anlayışının mahiyyətini, bu anlayışın zamanla necə dəyişdiyini və bu gün niyə böyük əhəmiyyət kəsb etdiyini izah edir.
“Diaspora” sözü ilk dəfə İsraildən kənarda yaşayan yəhudiləri təsvir etmək üçün istifadə olunsa da, XX əsrdən etibarən bu anlayış artıq vətənindən kənarda yaşayan istənilən etnik qrupa şamil olunmağa başladı.
Qonağımız nitqində alimlərin diaspora haqda fikirləri ilə yanaşı, tarixi vətənindən kənarda yaşayan icmaların xüsusiyyətlərini, həmçinin müasir dövrün diaspora növlərini izah edir.
Yeni videomuzda tarixçi, Qarabağ Universitetinin müəllimi Qulamhüseyn Məmmədovla 1945-ci ilin dekabrından 1946-cı ilin dekabrınadək İranda mövcud olmuş Azərbaycan Milli Hökuməti haqqında danışdıq.
Qonağımız bu hökumətin qurulmasına aparan regional və qlobal müstəvidə baş verən tarixi prosesləri, İran, Sovet İttifaqı və digər qlobal qüvvələr arasındakı münasibətləri təsvir edir və Pişəvəri hökumətinin həyata keçirdiyi işlər barədə ətraflı məlumat verir.
Google şirkətinin data təhlilçisi Ağası Quliyevlə qərarların qəbulunda datanın, təcrübənin və instinktlərin rolu barədə söhbət etdik. O vurğulayır ki, data düzgün təhlil edildikdə bizi doğru istiqamətləndirə bilər, amma təhlil zamanı yol verilən nöqsanlar ciddi fəsadlara səbəb ola bilər.
Qonağımız qeyd edir ki, şəxsi həyatda qərarlarımıza təsir edən qərəzlər, xüsusilə Təsdiq və Sağ Qalma Qərəzləri, məlumatı obyektiv qiymətləndirməyə mane olur. O yekunda bildirir ki, ən sağlam qərarlar datanın gücü ilə insan instinktinin balansından yaranır.
Yeni müsahibəmiz kompüter elmləri sahəsində ixtisaslaşmada universitet təhsilinin nə dərəcədə vacib olub-olmamasına həsr olunub.
ADA Universitetinin müəllimi Araz Yusubov qeyd edir ki, proqramlaşdırmaya çıxışın asanlaşması yanlış təsəvvür yaradır, lakin bu sahədə effektiv olmaq üçün analitik düşüncə, məlumatlılıq və yaradıcılıq olduqca önəmlidir.
Araz Yusubovun fikrincə, universitetlər artıq özlərini yalnız bilik verən qurumlar kimi deyil, innovasiya və təşəbbüskarlıq mərkəzləri kimi təqdim edirlər.
Azərbaycan-Fransız Universiteti artıq on illik fəaliyyəti nəticəsində ölkəmizdə müasir elmi və texnoloji təhsilin mühüm mərkəzinə çevrilib. Həm Azərbaycan, həm də Fransa diplomu qazanmaq imkanı verən universitet bu payız “Su Ehtiyatlarının İdarəedilməsi” adlı yeni magistr proqramına start verib.
Universitetin baş katibi Martin Qodon bildirir ki, bu ixtisas ölkənin iqtisadi inkişaf prioritetlərinə, eləcə də qlobal trendlərə cavab verir və proqram su, enerji və iqlim problemlərinə elmi və mühəndislik yanaşması ilə həll tapmağa yönəlib.
Süni zəka təhsildə böyük imkanlar açır, amma eyni zamanda vacib suallar doğurur. Teymur Məlikov soruşur: əgər hər şeyi hazır cavablarla əldə ediriksə, müstəqil düşünməyi necə öyrənəcəyik?
Onun fikrincə, tələbələrin səsi bu müzakirələrdə eşidilməlidir, çünki süni zəkanın ən fəal istifadəçiləri elə onlardır. Müəllimlərin əsas missiyası isə onları düşünməyə və suallar verməyə təşviq etməkdir.
Məlikov vurğulayır ki, süni zəka dəyərli bir fürsətdir, amma insanın yaradıcılığı və təfəkkürü həmişə ön planda qalmalıdır.
Təhsil sistemi ilə bağlı narazılıqların və məktəblərdən yüksək gözləntilərin bütün ölkələrə xas xüsusiyyət olduğunu deyən riyaziyyat müəllimi və müəllif Elnur Xəlilov əlavə edir ki, valideynlər çox vaxt uşaqlarının təhsil nailiyyətlərində öz rollarını nəzərə almırlar. Müxtəlif araşdırmalara əsasən valideynlər və uşağın böyüdüyü mühit onun akademik uğurlarına məktəbdən daha çox təsir göstərir.
Qonağımız vurğulayır ki, evdə kitab oxumaq, gündəlik söhbətlər aparmaq və övladın maraqlarına diqqət yetirmək uşaqların təhsildə böyük fərq yaradır.
Pedaqoq, uşaq inkişaf mütəxəssisi Nilufər Mehdiyeva vurğulayır ki, valideynlərin bir çoxu bağçanı yalnız öz işlərini gördükləri müddətdə uşaqlarının vaxt keçirəcəyi yer kimi görür. Halbuki bağça uşağın ilk sosial mühitidir və burada o, ayrılığa dözümlü olmağı, emosiyalarını idarə etməyi, paylaşmağı və empati qurmağı öyrənir. Onun sözlərinə görə, valideynin bağçaya münasibəti uşağın adaptasiyasına birbaşa təsir göstərir.
Qonağımız əlavə edir ki, təbiətlə təmas və sərbəst qidalanma vərdişləri uşağın inkişafı üçün olduqca əhəmiyyətlidir və övladlarını bağçaya verən valideynlər bunu mütləq nəzərə almalıdırlar.
ADA Universitetinin müəllimi Cəmaləddin Həsənov ilə proqramlaşdırma ixtisasının son onilliklərdə keçdiyi transformasiya, hazırda bazarda bu ixtisas sahiblərinə olan tələbatın azalması ilə bağlı narahatlıqlar və potensial ixtisas seçərkən gənclərin nəzərə almalı olduqları məqamlar barədə danışdıq.
Qonağımızın sözlərinə görə, süni intellekt və avtomatlaşdırma sayəsində proqramlaşdırma daha çox praktiki bacarıqlara çevrilib və bu sahəyə yiyələnmək daha əlçatan olub, lakin ixtisasa həqiqi dəyər gətirən, hər zaman insanların bu sahəyə göstərdiyi maraq və yaradıcı yanaşmadır.
Qadınların əmək hüquqları qanunvericilikdə xüsusi yer tutur. Məsələn, işəgötürənlər qadınların ailə vəziyyətinə və ya övlad sahibi olmasına görə onlarla əmək müqaviləsi bağlamaqdan imtina edə bilməzlər.
Qadınlar doğuşdan əvvəl və sonra ödənişli məzuniyyət, həmçinin əlavə istirahət günləri hüququna malikdirlər. Bundan əlavə, hamilə və azyaşlı övladı olan qadınların əmək müqaviləsinə yalnız müəssisə bağlandıqda və ya müqavilə müddəti başa çatdıqda xitam verilə bilər.
İnsan resursları üzrə mütəxəssis Təranə Qurbanova əmək məcəlləsində nəzərdə tutulan bu müddəaları izah edir.
Bəşəriyyətin ən böyük ixtiralarından biri sayılan vaksinlər hər il milyonlarla insanın həyatını xilas edir. Hazırda 30 xəstəliyə qarşı peyvənd olduğunu deyən vaksinasiya kommunikasiyası üzrə mütəxəssis Şahnaz Həsənova əlavə edir ki, vaksinlər sayəsində çiçək xəstəliyi tamamilə aradan qaldırılıb, polionun isə tamamilə yox edilməsi gözlənilir.
Bununla belə, son illər artan dezinformasiya bəzi valideynlərin uşaqlarını vaksinlərdən yayındırmasına səbəb olub. Qonağımız qeyd edir ki, tibb işçiləri valideynlərin narahatlıqlarını anlamalı, suallarını diqqətlə dinləməli və elmi əsaslarla cavablandırmalıdırlar.
Sərmayələrin idarəedilməsi strategiyası üzrə mütəxəssis Vüqar Mamedovla ölkənin kənd təsərrüfatı sektorundakı nailiyyətlər və aqrar sahənin potensialı haqqında danışdıq.
Qonağımız bu sahədə yüksək texnologiyaların tətbiqinin əhəmiyyətini vurğulayaraq, artıq dronların, süni intellektin və ağıllı sensorların kənd təsərrüfatını dəyişdiyini qeyd edir.
Lakin spiker xəbərdarlıq edir: gələcək uğur təkcə texnologiyadan deyil, həm də yeni nəsil peşəkarların bu sahəyə cəlb olunmasından asılı olacaq.
Data elmi artıq həyatımızın ayrılmaz hissəsinə çevrilib. Biz alış-veriş edəndə, musiqi dinləyəndə, taksidən istifadə edəndə və hətta münasibətlər quranda belə.
Yaşar Əhmədov qeyd edir ki, data əsasında qurulan sistemlər insanların həm vaxtına, həm də resurslarına qənaət edərək, həyat keyfiyyətini yüksəldir.
Qonağımız vurğulayır ki, gələcəyin uğuru datadan necə istifadə etməyimizdən asılı olacaq.
Hüquqşünas Anar Əlizamanlı ilə süni zəkanın əmək bazarına və hüquqa təsirindən danışdıq. O bildirir ki, süni zəka konsultantlıq və hüquq kimi ağ yaxalı peşələri avtomatlaşdırmaqla yanaşı, çox sayda başlanğıc səviyyəli iş yerlərinin ixtisarına səbəb olub. Bu isə gənc mütəxəssislərin təcrübə qazanmaq imkanlarını məhdudlaşdıraraq, şirkətlərin və ölkələrin kadr yetişdirmə potensialını risk altına qoyur.
Qonağımız qeyd edir ki, bəzi təhlilçilər bu innovasiyanın iqtisadiyyata müsbət təsir göstərəcəyinə inansalar da, mövcud hesabatlar süni zəkanın yeni iş yerlərindən dəfələrlə çoxunu ixtisar edəcəyini göstərir.
Bakı-Oksford Məktəbinin tam orta təhsil üzrə direktor müavini Rəna Aləsgərova ilə süni zəkanın təhsildə transformativ rolunu müzakirə etdik. Spiker qeyd edir ki, bəzi təhsil müəssisələri süni zəkanın istifadəsini qadağan edir və ya məhdudlaşdırır. Halbuki süni zəka artıq siniflərdədir və onu qadağan etmək və ya yanlış tətbiq etmək əvəzinə, düzgün şəkildə təhsilə inteqrasiya etmək vacibdir.
Rəna Aləsgərova vurğulayır ki, süni zəka şagirdlərin öyrənmə imkanlarını genişləndirə bilər, lakin onların tənqidi düşüncə və təhlil bacarıqlarının zəifləməsinin qarşısını almaq müəllimlərin əsas vəzifələrindən biridir.
Təhsil eksperti Zeynəb Rzayeva ilə İngiltərə məktəblərində uşaqların mühafizəsi üzrə tədbirlər planlarının necə icra edildiyini müzakirə etdik.
Qonağımız vurğulayır ki, uşaqların mühafizəsi tutduğu vəzifədən və gördüyü işdən asılı olmayaraq məktəb heyətinin bütün üzvlərinin məsuliyyətidir. O, əməkdaşların fiziki, emosional, cinsi istismar və laqeydlik kimi müxtəlif zorakılıq formalarını tanımasının və tərəddüd etmədən tədbir görməsinin vacibliyini qeyd edir.
ABŞ-da böyüyən Nəzrin Qəribova sonradan Azərbaycana köçüb. Hazırda xizək alpinizmi üzrə ölkə komandasının üzvü olan Nəzrin deyir ki, uşaq və yeniyetmə yaşlarında müxtəlif idman növləri həyatının ayrılmaz bir hissəsi olub. Onun sözlərinə görə, idman ona dözümlülük, komanda ruhu, özünəinam və intizam kimi dəyərləri aşılayıb və bu təcrübə həyatının hər mərhələsində ona faydalı olub.
Qonağımızla gənclərin formalaşmasında idmanın rolu, xüsusilə də ABŞ və Azərbaycan gənclərinin idmana yanaşmaları və onlara təqdim edilən imkanların müqayisəsi barədə söhbət etdik.























